Tarif Şurası bir sıra istehlak məhsullarının qiymətlərinə yenidən baxaraq, onlarda müəyyən dəyişikliklər etdi. Cəmiyyətmiz Tarif Şurasının bu addımlarını birmənalı qarşılamadı. Bu anlaşılandır. Dünyanın heç bir ölkəsində istənilən qiymət artımına pozitiv yanaşım olmur. Lakin qiymətləırin qaldırılmasının əsasları kifayət qədər inandırıcı olduqda, cəmiyyət bu addımların zərurət olduğunu başa düşür və onu normal qarşılayır. Bəs bizim halda son qiymət artımını şərtləndirən əsas səbəblər hansılardı? Öncə onu deyək ki, ölkəmizdə dizel yanacağının və benzinin qiymətləri son dəfə müvafiq olaraq 2013 və 2017-ci illərdə dəyişdirilib. Əslində bizdə yanacağın qiymətlərinin keçən ilin əvvəllərində baxılması gözlənilirdi. Lakin dünyada baş verən koronavirus pandemiyası və sonradan torpaqlarımızın işğaldan azad olunması uğrunda apardığımız Vətən Müharibəsi bu məsələni bir qədər arxa plana keçirtdi.
Pandemiya səbəbindən dünya iqtisadiyyatının yaşadığı gərginliklər Azərbaycan iqtisadiyyatından da yan keçmədi. İqtisadi aktivliyin aşağı düşməsi bir qayda olaraq büdcə gəlirlərinin azalmasına yol açır. Bu isə öz növbəsində dövlət xərclərinin, o cümlədən, sosial xərclərin maliyyələşdirilməsi ilə bağlı müəyyən çətinliklərin yaranmasına aparıb çıxarır. Belə bir vəziyyətdə dövlətimizin büdcənin gəlirlərinin tamamlanması istiqamətində atdığı hər bir əsaslandırılmış addım, vətəndaşlarımız tərəfində başa düşülməlidir. Nəzərə alaq ki, pandemiya səbəbindən baş verən itkilərin və sahibkarlara dəyən ziyanın ödənilməsi ilə bağlı dövlətin çəkdiyi planlaşdırılmayan xərclər sırasına, torpaqlarımızın işğaldan azad edilməsi yolunda aprdığımız müharibənin xərclərini də əlavə etmək lazımdır. Mənfur qonşularımızın bizi məcbur etdikləri Vətən Müharibəsinin hər günü dövlətimizə 100 milyon manat xərcə başa gəlib ki, bu da bütövlükdə 4 milyard manatdan artıq planlaşdırmadığımız əlavə xərc deməkdir.
Bu gün benzinin və dizel yanacağının qiymətləri qaldırıldıqdan sonra, bu qiymətlərin səviyyəsinə görə Azərbaycan dünyanın 167 ölkəsi içərisində yanacağın qiymətinin ən ucuz olduğu 23 ölkədən biridir. Yəni bu gün dünyanın 144 ölkəsində yanacağın qiyməti bizdə olan anoloji qiymətlərdən yüksəkdir. MDB məkanında Azərbaycan kimi neft və qaz hasil edən Rusiya və Qazaxstanda bu qiymətlər bizdəkindən yüksəkdir.
Dövlət yanacağın qiymətlərinin özəl sektora və vətəndaşlarımızın ailə büdcələrinə təsirini minimallaşdırmaq üçün kompensasiya mexanizmlətinin işə salınmasını da nəzərdə tutur.
Fikrət Yusifov İqtisad elmləri doktoru, professor
Bölməyə aid digər xəbərlər