Soçidə Rusiya və Türkiyə Xarici İşlər nazirlərinin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə etməsindən sonra bölgədə hadisələrin bundan sonrakı inkişafı diqqət mərkəzinə gəlib.
Yəni son vaxtlar erməni terrorçularının Azərbaycanın hərbi postlarına hücumlarının qarşısının alınması baxımından Soçi görüşü də təsirli ola bilər. Bu isə Rusiyanın sərgilədiyi mövqedən asılı olacaq. Sergey Lavrov münaqişə tərəflərinin öhdəliklərinin icrasını asanlaşdırmaq barədə Ankaranın arzusunu alqışlandığını qeyd edib.
“Bu birgə mərkəz Rusiya və Türkiyə prezidentlərinin razılığı nəticəsində qurulur və hazırda aktiv yerləşmə prosesi gedir”- deyə nazir bildirib.
“Ümumi rəyimiz belədir ki, tərəflərdən heç biri Dağlıq Qarabağdakı vəziyyətdən istifadə edərək regiona əcnəbi muzdlular gətirməməlidir. Burada türkiyəli həmkarlarımızla eyni mövqeyi paylaşırıq”, – Lavrov vurğulayıb.
Ancaq Rusiya XİN rəhbəri “əcnəbi muzdlular” dedikdə kimi nəzərdə tutduğunu açıqlamayıb. Çünki Rusiya rəsmiləri hələ Vətən müharibəsinin gedişində guya Suriyadan əcnəbi muzdluların döyüşmək üçün Qarabağa gətirildiyini iddia edirdi. Hazırda Dağlıq Qarabağda terror törədən silahlı dəstələr isə həm ərazidə yaşayan ermənilərdən, həm də Laçın dəhlizi vasitəsilə Ermənistandan gətirilən ermənilərdən təşkil olunur. Rusiya sülhməramlıları da onların Dağlıq Qarabağa keçməsinə mane olmur. Üstəlik, “sülhməramlılar” atəşkəsin pozulmasına mane olmaq əvəzinə onu görməzdən gəlir. Bu baxımdan, Lavrovun əcnəbi muzdlular dedikdə Ermənistandan gətirilən terrorçuları nəzərdə tutub-tutmadığı aydın olmur. Təbii ki, bu problemin aradan qalxmasında Türkiyənin də mövqeyi mühüm təsirə malik olacaq. Artıq Türkiyənin müşahidəçi missiyası fəaliyyətə başlamaq üçün Azərbaycandadır. Əgər Rusiya hərbçiləri ermənilərin silahlı təxribatlarından guya onların nəzarətindən kənarda baş verdiyini iddia edirdisə, Türkiyə zabitləri bu cür halların qarşısını almaqda Azərbaycana kifayət qədər yardımçı ola bilər. Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov TASS agentliyinə müsahibəsində Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətin normallaşmağa meyilli olduğunu deyib. Bildirib ki, tərəflər razılaşmaları yerinə yetirmək əzmindədir.“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət normallaşmağa meyllidir. Bakı və İrəvanın öz öhdəliklərini yerinə yetirmək və vəziyyətin ümumi sabitləşməsi istiqamətində çalışmaq istəyini məmnuniyyətlə qeyd edirik. Tərəflərin ərazidə ortaya çıxan məsələlərin həllində göstərdikləri yüksək səviyyədə əməkdaşlığı vurğulamaq istəyirəm”-Lavrov belə deyib.
O əlavə edib ki, Rusiya da atəşkəs razılaşmasının zəmanətçi funksiyasını yerinə yetirməyə davam edir.
“Gündəlikdə atəşkəs rejiminin pozulmasının qarşısının alınması, habelə ərazinin partlayıcı obyektlərdən təmizlənməsi, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi, qaçqınların və məcburi köçkünlərin geri qayıtmasının təhlükəsizliyinin təmin edilməsi, kəskin humanitar məsələlərin həlli, tarixi abidələrin qorunması nəqliyyat və iqtisadi əlaqələrin açılmasıdır”-deyə Rusiyanın Xarici İşlər naziri əlavə edib.
Onun sözlərinə görə, bütün sahələrdə müsbət tendensiya müşahidə olunur. Rusiyanın Xarici İşlər naziri bildirib ki, atəşkəsin gözə çarpan yeganə pozulması bölgədə dekabrın 13-də qeydə alınıb. Lakin ortaq səylər sayəsində vəziyyətin nizamlanmasına nail olundu.
“13 dekabrda qeydə alınan yeganə pozuntu, Rusiya sülhməramlılarının olmadığı təmas xəttində baş verib. Sülhməramlı kontingentimizin komandanlığı tərəfindən azərbaycanlı və erməni tərəfdaşlarımızla təmaslarda atılan enerjili addımlar hadisənin böyüməsindən qaçmağa imkan verdi”-deyə nazir vurğulayıb.
Politoloq Tofiq Abbasov “Cümhuriyət” qəzetinə bildirib ki, Rusiya münaqişə bölgəsini özünü geosiyasi təsir dairəsi hesab edir. Ona görə də vəziyyətin dəyişməsini siyasi qısqanclıqla qarşılayır:
“Lakin dünya dəyişilir və coğrafi baxımdan dünya ölkələrinin təsir dairəsi, onların konfiqurasiyası da ciddi şəkildə transformasiyalara uğrayır. Türkiyənin bu regionda böyük maraqları var. Türkiyə yeganə ölkədir ki, Cənubi Qafqazın hər üç ölkəsi ilə sərhəddi var. Əgər Türkiyənin sərhəddi boyunca təhlükələr qalırsa, Ankaranın narahatlığı anlaşılandır. Rusiya da bunu nəzərə almalıdır. Suriyada, Liviyada onların baxışları üst-üstə düşməyə bilər. Amma Cənubi Qafqaz başqa bölgədir və burada paralellər aparmaq olmaz. Çünki Suriyada vətəndaş müharibəsi var idi. Dünyanın bir çox ölkələrindən terrorçular ora axışıb gəldi və münaqişəni dərinləşdirdi. Dağlıq Qarabağda isə Ermənistanın Azərbaycana təcavüz faktı var. Heç kim Azərbaycanın haqlı olduğunu gizlədə bilməz. Diplomatlar fikirlərini açıq-aşkar ifadə etmirlər. Lavrov bu fondan istifadə edir. Ancaq bu, Türkiyə üçün anlaşılmayan məsələ deyil. Türkiyənin özünün də deməyə sözü var. Çünki ermənilər birinci Qarabağ müharibəsində xaricdən muzdlular gətirirdilər. Yalandan həmin muzdluların erməni olduğunu deyirdilər. Əslində, onların erməniliyi şübhə doğururdu. Rusiya və Türkiyə də eyni iddiaya malik dövlətlər kimi belə hallarla bağlı iddialarını, etirazlarını bir-birinə çatdırır, konsensus da tapa bilirlər. Bu məsələdə də anlaşmaya yəqin ki, gələcəklər”.Ekspertin sözlərinə görə, münaqişə zonasında vəziyyətin normallaşmağa meyilli olması və Rusiyanın atəşkəsə dair bəyanatın zəmanətçisi kimi öz funksiyasını yerinə yetirməsi barədə S. Lavrovun fikirləri həqiqəti əks etdirmir:
“Əgər ruslar ermənilərin Dağlıq Qarabağdakı təxribatlarına göz yummasalar o zaman bu alınacaq. Türkiyə də sabitliyin möhkəmlənməsində maraqlıdır. Meşələrdə, bunkerlərdə gizlənmiş terrorçu dəstələrin qarşısı alınmalıdır. Əgər Rusiya buna mane olmasa, erməniləri ağılla davranmağa dəvət etməsə, onu Azərbaycan özü etməli olacaq. Heç bir ölkə də bu oyunbazlığa da bəraət qazandıra bilməz”.
Qeyd edək ki, Lavrov və Çavuşoğlu Rusiya və Türkiyə prezidentlərinin 2021-ci ilin əvvəlində keçiriləcək görüşünə hazırlıq məsələlərini də müzakirə etdiklərini deyiblər. Bu görüşü Putinin Türkiyəyə səfəri zamanı baş tutacaq. Rəcəb Tayyib Ərdoğan və Vladimir Putin Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edəcək. Tofiq Abbasovun sözlərinə görə, dövlət başçılarının bu məsələ ətrafında danışıqlar aparmasına ehtiyac var. Çünki Dağlıq Qarabağ münaqişəsinin başa çatmasından və bölgədə sabitliyin bərqərar olmasından danışmaq hələ tezdir.
“Daxildəki revanşist qüvvələrə müharibənin nəticələri ilə barışmır və vəziyyətin dəyişməsinə çalışırlar. Hər halda, Ermənistanda sağlam qüvvələr hakimiyyətə gəlməlidir. Vazgen Manukyan və onun kimiləri riyakar, radikal ünsürlərdir. Onlar heç vaxt Ermənistana mənfəət gətirməyib. Amma sağlam qüvvələr də var. Biz eks-prezident Levon Ter-Petrosyanın da çağırışlarını izləyirik. O, çox müdrik siyasətçidir və mən iki dəfə jurnalist kimi onunla görüşmüşəm. Ermənistanın xilası da sağlam düşüncəli komandanın hakimiyyət başına gəlməsindən keçir. İlk növbədə, kilsənin bu məsələyə müdaxiləsinin qarşısı alınmalıdır. Bu, çox təhlükəli diskursdur. Digər tərəfdən də, diasporanın Ermənistan dövlətinin işlərinə qarışmasına son qoyulmalıdır. Onlar da müəyyən lobbi dairələrinin mənafeyini güdür”.
Qeyd edək ki, son zamanlar Rusiyanın siyasi himayəçiliyi ilə terrorçu Vitali Balasanyanın Dağlıq Qarabağdakı qondarma rejimin başına gətirilməsi müşahidə olunur. Hətta Balasanyan Azərbaycan tərəfindən azad edilmiş əraziləri Rusiyanın və Ermənistanın köməyi ilə geri qaytaracaqlarını bəyan edib. Bundan sonra siyasi ekspertlər üçüncü Qarabağ müharibəsinin başlanacağı barədə proqnozlar verməyə başlayıb. Tofiq Abbasov bildirdi ki, bu fikirlər real görünmür. Çünki Ermənistanın hərbi potensialı dağıdılıb: “Bu üsula kim əl atsa, Ermənistan dövlət kimi yoxa çıxacaq”.
Bölməyə aid digər xəbərlər