Qloballaşan dünyada Türkdilli dövlətlər arasında münasibətlərin yaxşılaşdırılması, birliyin və həmrəyliyin təmin olunması nəinki bu ölkələrin iqtisadi inkişafı, eləcə də milli təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıyır. Son illər Azərbaycan və Türkiyə dövlət rəhbərlərinin təşəbbüsləri nəticəsində türkdilli dövlətlərin birliyinin yaradılması və möhkəmləndirilməsi öz bəhrələrini verməkdədir.
Bu il dekabrın 14-də Türkmənistanda ilk dəfə olaraq 3 dost və qardaş ölkə - Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin Birinci Zirvə Görüşü bunun əyani sübutudur. Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları Türkmənbaşı şəhərində keçirilən görüşdə çıxışı zamanı bir sıra vacib məqamlara toxundu. Prezidentimiz Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olduğunu söyləyərək qeyd etdi ki, bu həcmin 25 milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Ötən il Xəzər dənizi sahilində yerləşən Ələt Azad İqtisadi Zonasının təməli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Azərbaycan Türkiyədən və Türkmənistandan olan şirkətləri bu Zonanın imkanlarından faydalanmağa dəvət edir. 2017-ci ildə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı - Tbilisi - Qars dəmir yolunun açılışı oldu. Bu layihəyə əlavə 100 milyon dollardan çox sərmayə qoyulacaq və onun ötürücülük qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir və bu zavodda istənilən növ gəmilər inşa edilə bilər.
Zirvə görüşündə Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları həmçinin qeyd etdi ki, Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sevindirici haldır ki, işğaldan azad olunmuş ərazilərimizdə inşa edilmiş Füzuli və Zəngilan hava limanlarının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak etmişdir. 2024-cü ildə işğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının açılması nəzərdə tutulmuşdur.
Zirvə görüşü və imzalanan üçtərəfli sənədlər, səsləndirilən bəyanatlar strateji tərəfdaşlığın gündən - günə gücləndirilməsini, türkdilli ölkələrin yeni qlobal miqyaslı enerji, nəqliyyat layihələri ilə hansı imkanlara və gücə malik olduqlarını bütün dünyaya göstərdi.
Görüşdə üç qardaş ölkənin rəhbərləri tərəfindən imzalanan 5 mühüm sənəd çox böyük əhəmiyyətə malikdir və xüsusilə, enerji ehtiyatları tədarükünün genişləndirilməsinə, şaxələndirilməsinə, tranzit - nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə gələcəkdə öz töhfələrini verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev öz çıxışında ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı roluna və dünya dövlətlərinin enerjiyə olan ehtiyacına diqqəti cəlb etməklə imzalanan sənədlərin vacib olduğunu bildirdi və Azərbaycan - Türkiyə və Türkmənistan əməkdaşlığına, qardaşlığına böyük önəm verdi. Vurğuladı ki, 2022-ci ilin yanvar - oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyyəsi 45 faiz, Türkmənistanla 5 dəfə artmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantıları sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.
Rəna Bayramova
YAP Qazax rayon təşkilatı
ərazi partiya təşkilatının sədri
Bölməyə aid digər xəbərlər